“Neftçi”nin potensial rəqibləri “Qarabağ”ın stadionunda

“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri Bakıda üz-üzə gələcəklər.

Arena.az xəbər verir ki, “ağ-qaralar” Avropa Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcəklər. Azərbaycan təmsilçisini 1-ci təsnifat mərhələsində üz-üzə gələcək Bosniya və Herseqovina “Jelezniçar”ı ilə Belarusun “Dinamo” (Minsk) klubları arasında keçiriləcək oyunların qalibi ilə duel gözləyir.

Bu iki komanda arasındakı ilk oyun iyulun 13-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutacaq. Cavab görüşü Belarusda baş tutmalı olsa da, UEFA-nın məlum sanksiyaları səbəbindən bu ölkənin komandaları ev oyunlarını doğma meydanlarında keçirə bilmirlər. Bu üzdən Belarus komandaları rəqiblərini fərqli ölkələrdə qəbul edirlər. Minsk “Dinamo”su da “Jelezniçar”la oyun üçün Bakını seçib. Sözügedən klubun “Qarabağ”la danışıqları müsbət yekunlaşıb. Nəticədə Minsk təmsilçisi bosniyalılarla cavab matçının “Azərsun Arena”ya təyin olunmasına nail olub.

Artıq Bakıda keçiriləcək cavab oyununun başlama saatı da açıqlanıb. UEFA-nın rəsmi saytının yaydığı məlumata görə iyulun 20-də oynanılacaq 1-ci təsnifat mərhələsinin ikinci qarşılaşması saat 21:00-da başlayacaq.

Bu görüşün hakimləri də məlumdur. Bakıdakı qarşılaşmaya Slovakiyadan olan hakimlər təyinat alıblar. Matçın baş hakimi Mixal Okenaş olacaq. Tərəflərin Sarayevodakı ilk görüşünə isə Yunanıstandan olan hakimlər təyinat alıblar. Baş hakim Evangelos Manuçox olacaq.

Bir sözlə, “Neftçi”nin 2-ci təsnifat mərhələsindəki rəqibi məhz Bakıda müəyyənləşəcək. Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: