“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq. Bu mərhələ daha çox fiziki hazırlığa həsr olunacaq.
Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. “Ağ-qaralar” Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq. Samir Abasovun çalışdırdığı komanda qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.
Yanvarın 24-də daha bir yoxlama oyunu nəzərdə tutulub. Amma “Neftçi”nin həmin oyundakı rəqibi hələ dəqiqləşməyib.


