“Nottingem Forest” daha 8 futbolçu transfer etdi

İngiltərənin “Nottingem Forest” klubu artıq bağlanmış transfer pəncərəsinin son günlərində heyətinə 8 yeni futbolçu cəlb edib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Milan”dan Divok Oriqini, “Arsenal”dan isə Nuno Tavaresi icarəyə götürüb. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə olacaqlar. Tavaresdən fərqli, Oriqi satınalma şərti ilə icarəyə götürülüb.

Belçika yığmasının üzvü olan Oriqi 2022-ci ildən “Milan”da çıxış edirdi. 28 yaşlı hücumçu “Lill”, “Liverup” və “Volfsburq”da da oynayıb. “Arsenal”ın Portuqaliyadan olan 23 yaşlı sol cinah müdafiəçisi isə daha öncə Marsel “Olimpik”i və “Benfika”da çıxış edib.

PSV-nin dayaq yarımmüdafiəçisi İbrahim Sanqare nottingemlilərin bu yay həyata keçirdiyi ən bahalı futbolçu olub. Klub onun transferi üçün 35 milyon avro ödəyib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, PSV-dən öncə “Tuluza”nın da formasını geyinib.

“Norviç Siti”nin və İrlandiya yığmasının müdafiəçisi Endryu Omobamidele isə 12,85 milyon avro qarşılığında Premyer Liqa klubuna keçib. 21 yaşlı mərkəz müdafiəçisi də 5 illik müqaviləyə imza atıb. Gənc futbolçu indiyə qədər yalnız “Norviç Siti”də çıxış edib.

Nottingemlilər “Korintians”ın mərkəz müdafiəçisi Murilyonu da 12 milyon avro qarşılığında heyətə qatıblar. 21 yaşlı braziliyalı ilə 5 illik sözləşmə imzalanıb. Tam adı Murilyo Santyaqo Kosta dos Santos olan müdafiəçi indiyə qədər yalnız yetirməsi olduğu “Korintians”da çıxış edib.

“Bolonya”nın mərkəz yarımmüdafiəçisi Nikolas Dominqes isə 10 milyon avroya transfer olunub. Argentinadan olan 25 yaşlı futbolçu ilə də 5 illik müqavilə imzalanıb. O, “Bolonya”dan başqa vətənində “Veles Sarsfild”in də uğurları üçün çalışıb.

“Benfika”nın və Yunanıstan yığmasının qapıçısı Odisseas Vlaxodimos da Nottingem klubuna keçib. 29 yaşlı qolkiper 4 illik sözləşmə imzalayıb. Premyer Liqa təmsilçisi bu keçidə görə Portuqaliya klubuna 9 milyon avro ödəyib. Millidə 33 oyun keçirmiş Vlaxodimos “Ştutqart” və “Panatinaikos”da da oynayıb.

“Çelsi”nin sol cinah vingeri Kallum Hadson Odoi də Nottingemə köçüb. Onun keçidi yeni klubuna 3,5 milyon avroya başa gəlib. 22 yaşlı indilis futbolçu “Çelsi”də olarkən “Bayer”də icarədə də oynayıb. O, İngiltərə millisində də 3 oyun keçirib.

Beş futbolçu da Nottingemdən ayrıldı

“Nottingem Forest”də ayrılıqlar da qeydə alınıb. Premyer Liqa klubu 22 yaşlı mərkəz müdafiəçiləri – Loik Mbe Sonu “Almere Siti”yə, Conatan Panzonu isə “Kardiff Siti”yə icarəyə verib. 31 yaşlı yarımmüdafiiəçi Remo Freuler “Bolonya”ya üz tutub. 21 yaşlı vinger – Aleks Mayten “Kortreyk”ə keçib. 24 yaşlı yarımmüdafiəçi Lyuis O’Brayen isə “Midlsbro”ya icarəyə verilib. Bu oyunçuların hamısı mövsümün sonuna kimi icarədə olacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: