Nuno Espirito Santo rəsmən “Nottingem Forest”də

Portuqal mütəxəssis Nuno Espirito Santo “Nottingem Forest” komandasının yeni baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

“Nuno kluba iki il yarımlıq müqavilə ilə qoşulur və ilk çıxışını 23 dekabrda “Nottingem Forest”in “Siti Qrand”da “Bornmut”la qarşılaşdığı zaman həyata keçirəcək”, – “meşəçilər”in rəsmi bəyanatında deyilir.

Həmçinin “Nottingem Forest” Stiven Kuperin baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlayıb. Uelsli mütəxəssis 2021-ci il sentyabrın 21-də “meşəçilər”i qəbul edərək, Çempionşipdən İngiltərə Premyer Liqasına çıxarmışdı.

Nuno Espirito Santoya gəlincə, portuqal mütəxəssisin İngiltərə Premyer Liqasında iş təcrübəsi var. O, 2017-ci ildə “Vulverhempton”u qəbul edib və Çempionşipi qazanaraq, komandanı İngiltərə Premyer Liqasına çıxarıb. Daha sonra ardıcıl iki il “canavarlar”la İngiltərə Premyer Liqasında 7-ci olub. Ardınca Santo qısa müddət “Tottenhem”də çalışıb. 49 yaşlı mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanda, “Əl-İttihad”ın baş məşqçisi vəzifəsində olub. Santo “Əl-İttihad”a Səudiyyə Ərəbistanı Peşəkar Liqasını və ölkə super kubokunu qazandırıb. Santo “Rio Ave”, “Valensiya” və “Portu”da da baş məşqçi olub.

Nuno Espirito Santo “Əl-İttihad”ı 2022-ci ilin iyulundan çalışdırırdı. O, sözügedən komandanı bütövlükdə 52 oyuna çıxarıb. Komanda bu oyunlarda 36 qələbə qazanıb, 9 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: