Futbol üzrə Nigeriya milli komandasının və Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun hücumçusu Olarenvaju Kayode yenidən Türkiyəyə qayıdıb. Arena.az xəbər verir ki, 29 yaşlı forvard Super Liqa təmsilçisi “Ümraniyəspor”a transfer olunub.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Kayode “Ümraniyəspr”da bu mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
Olarenvaju Kayode 2018-ci ildən Donetsk “Şaxtyor”undadır. Ukrayna klubu həmin vaxt onu İngiltərə nəhəngi “Mançester Siti”dən 3 milyon avroya transfer etmişdi. Futbolçu bu “Şaxtyor”da cəmi 24 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Kayodeni 2019/20 mövsümündə Türkiyənin “Qaziantep”, 2020-2022-ci illər aralığında isə “Sivasspor” klubları da icarə əsasında heyətinə cəlb etmişdi. O, Sivas təmsilçisində 84 oyuna 19 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. “Qaziantep”də isə hücumçu 29 oyun keçirib, 10 qol vurub, 7 qol ötürməsi edib. Nigeriyalı forvard əvvəllər “Jirona”, “Austria” (Vyana), “Makkabi” (Netanya), “Lutsern”, “Mimosas” kimi klubların da formasını geyinib. O, ölkəsinin əsas yığmasında da 4 oyun keçirib.


