“Milan”ın mərkəz hücumçusu Olivye Jiru hakim Rozario Abissonu təhqir etdiyi üçün A Seriyasında 2 oyunluq cəzalandırılıb.
Arena.az bu barədə A Seriyasının rəsmi saytına istinadən məlumat verir:
Hadisə A Seriyasının 12-ci turunun “Leççe” – “Milan” oyununda (2:2) baş verib. Jiru 90+3-cü dəqiqədə qaydanı pozduğu üçün sarı vərəqə alıb. Fransız dərhal oyunun baş hakim Abissonu təhqir etməyə qalxıb və buna görə dərhal birbaşa qırmızı vərəqə alaraq oyundan qovulub.
Oyundan sonra məsələni araşdırmış xüsusi idman hakiminin qərarı ilə Olivye Jiru cəza olaraq, İtaliya A Seriyasının 2 oyununda iştirakdan məhrum edilib. Beləliklə, Jiru noyabrın 25-də A Seriyasının 13-cü turu çərçivəsində “Milan”ın “Fiorentina” ilə, dekabrın 2-də isə 14-cü tur çərçivəsində “Frozinone” ilə oyunlarını tribunalardan izləyəcək.
Olivye Jiru “Milan”a 2021-ci ilin iyulunda 2,85 milyon avro qarşılığında “Çelsi”dən keçib. Fransız hücumçunun milanlılarla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Olivye “rossoneri”ın heyətində 15 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib. Jiru “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.
Jiru 2011-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heəytində 127 oyuna çıxıb, 54 qol vurub, 15 məhsuldar ötürmə verib. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 37 yaşlı Olivye Jirunu 4 milyon avro məbləğində qiymətləndirir.


