Premyer Liqa: Yarımçıq 3-cü tura 2 oyunla start

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əslində 3-cü tura avqustun 16-da keçirilməsi planlaşdırılan “Şamaxı” – “Qarabağ” matçı ilə start veriləcəkdi. Lakin “Qarabağ”ın Çempionlar Liqasının pley-off oyunlarına daha yaxşı hazırlaşa bilməsi üçün bu oyun qeyri-müəyyən vaxta təxirə salınıb. Bu üzdən də tura ikinci oyun gününün görüşləri ilə start veriləcək.

İlk oyun Tovuzda keçiriləcək. Burada “Kəpəz” nominal meydan sahibi qismində “Turan Tovuz”u “qəbul edəcək”. Qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.

“Kəpəz”lə “Turan Tovuz” daha öncə çempionatda 8 oyunda qarşılaşıblar. Bu oyunlarda cəmi 1 heç-heçə qeydə alınıb. Gəncəlilər 2, tovuzlular isə 5 qələbəyə seviniblər. “Turan Tovuz” son 4 görüşdə bu rəqibinə qol vurub. Son 6 qarşılaşmada heç-heçə qeydə alınmayıb.

Gəncə təmsilçisi yeni mövsümün ilk iki turunda xal qazana bilməyib. Tovuz təmsilçisi isə iki oyuna 4 xal toplayıb.

Günün digər oyunu “Sumqayıt”la “Səbail” arasında baş tutacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi oyunda paytaxt təmsilçisi yeni mövsümdə ilk, Sumqayıtın eyniadlı təmsilçisi isə ikinci qələbəsini qazanmağa çalışacaq. 2 turdan sonra “Sumqayıt”ın 3, “Səbail”in 1 xalı var.

“Sumqayıt”la “Səbail”in əvvəlki 26 oyununda sumqayıtlıların 15, bakılıların 8 qələbəsi var. 3 görüş də bərabərliklə yekunlaşıb. “Sumqayıt” son 7 matçda bu rəqibinə qol vurub. “Səbail” son 4 oyunda rəqibinə məğlub olub.

Qeyd edək ki, 3-cü turun “Zirə” – “Araz-Naxçıvan” matçı da təxirə salınıb. “Qartallar” da Avropa Konfrans Liqasının pley-off oyunlarına daha yaxşı hazırlaşmaq üçün çempionat oyunlarının təxirə salınmasını istəyib.

Premyer Liqa
3-cü tur

17 avqust

18:15. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu.

20:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.

18 avqust

20:30. “Neftçi” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: