PSJ-nin yeni baş məşqçisi Luis Enrike “Tottenhem”in ingilis hücumçusu Harri Keyni komandasında görmək istəyir.
Arena.az xəbər verir ki, bu barədə “PSG Community” məlumat yayıb.
Mənbənin məlumatına görə, parislilər Keynə mövsümə 16 milyon avro maaşla 5 illik müqavilə təklif etməyə hazırdırlar. Transferin məbləği isə açıqlanmır. Keynin özünün də Enrikenin təklifində maraqlı olduğu vurğulansa da, hücumçunun 3 illik müqavilə imzalamaq istəyində olduğu deyilir.
PSJ ilə “Tottenhem” arasında bu mövzuda danışıqların artıq başladığı iddia edilir.
Xatırladaq ki, daha əvvəl “Bayern”in Keynlə ciddi maraqlandığı bildirilirdi. Münhen klubunun iki təklifi “mahmızlar” tərəfindən rədd edilimişdi. “Tottenhem” rəhbərliyini transferin məbləği qane etməmişdi. Vurğulayaq ki, “Bayern” Keyn uğrunda mübarizədən geri çəkilmək fikrində deyil.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2011-ci ildən əsas komandada çıxış edir.
Keynin “mahmızlar”la müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


