Pyotr Zelinski: “İtaliyada xoşbəxtəm”

“İnter”in polyak mərkəz yarımmüdafiəçisi Pyotr Zelinski İtaliya A Seriyasında qalmaq haqda qərarının səbəbini açıqlayıb.

Arena.az “Inter Xtra” dərgisinə istinadən, polyak futbolçunun bu barədə fikrini təqdim edir:

“Liverpul”, “Arsenal”, Madrid “Atletiko”su, “Yuventus” və “Barselona” mənimlə maraqlanırdı, amma mən İtaliyada xoşbəxt idim. İngiltərəyə getmək çətin olardı, İspaniyanı düşünərdim, amma mənim üstünlük verediyim İtaliya idi”, deyə Zelinski bildirib.

Pyotr Zelinski “İnter”ə 2024-cü ilin iyulunda “Napoli”dən azad agent qismində keçib. Polyak futbolçunun Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Zelinski “İnter”nin heyətində bütün yarışlarda 12 oyun keçirib, 2 qol vurub.

Zelinski karyerası ərzində “Udineze” və “Empoli”də də çıxış edib.

Pyotr Zelinski 2013-cü ilin iyun ayında debüt etdiyi Polşa yığmasının heyətində meydana çıxdığı 98 oyunda 14 qol vurub, 15 məhsuldar ötürmə verib.

Pyotr Zelinskinin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtaliya A Seriyası çempionluğu (2022/2023) və İtaliya Kuboku (2019/2020) var. Həmçinin Zelinski 2023-cü ildə Polşada ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 30 yaşlı polyak mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: