2023/2024 mövsümünün ikinci yarısına hazırlığını davam etdirən “Qəbələ” və “Araz-Naxçıvan” komandaları bu gün yoxlama oyunu keçiriblər.
Arena.az xəbər verir ki, sözügedən kollektivlər Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
Bu, hər iki komandanın qış fasiləsində ikinci sınağı olub. Qəbələnin eyniadlı təmsilçisi daha əvvəl “Kəpəz”ə, Naxçıvan klubu isə “Zirə”yə 1:2 hesabı ilə uduzmuşdu.
Bu oyunda isə qəbələlilər iki cavabsız qolla qələbə qazanıblar. İlk yarıda hesabı Əyyub Allaş (14-cü dəqiqə) açıb. Fasilədən sonra isə Samuel Tetteh (57-ci dəqiqədə) fərqi iki topa çatdırıb – 2:0.
Meydan sahibləri bu oyuna aşağıdakı heyətlə çıxıblar: 13. Kristof Atanqana, 4. Lukas Afriko, 7. Emil Səfərov, 8. Gilad Abramov, 9. Əyyub Allaş, 12. Nicat Əliyev, 19. Samuel Tetteh, 20. Bilel Auaşeriya, 28. Murad Musayev, 34. Ürfan Abbasov, 72. Osama Xalayla.
Naxçıvan təmsilçisi isə bu heyətlə meydana çıxıb: 12. Kristian Avram, 2. Abdulla Rzayev, 3. Turan Manafov, 4. İroq Fransisko, 6. Vadim Abdullayev, 9. Elvis Maşike, 14. Miço Kuzmanoviç, 23. Nuno Rodriqes, 27. Numan Kurdiç, 39. Tural Bayramlı, 42. Abdul Kadiri.
Xatırladaq ki, “Qəbələ” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün üçüncü dövrəsinin ilk turunda “Sumqayıt”la görüşəcək. 19-cu turun Qəbələdə keçiriləcək qarşılaşması yanvarın 23-də baş tutacaq. “Araz-Naxçıvan” isə həmin gün “Qarabağ”ın qonağı olacaq.
Mövsümün ilk yarısında uğursuz çıxış etmiş Qəbələnin eyniadlı komandası 18 oyuna topladığı 14 xalla Premyer Liqanın turnir cədvəlində sonuncudur. “Araz-Naxçıvan” isə 26 xalla 6-cı pillədə qərarlaşıb.


