“Qəbələ” Boluda ilk məşqə çıxdı, bu gün isə ilk sınaq baş tutacaq

2023/2024 mövsümünə hazırlaşan Azərbaycan Kubokunun sonuncu qalibi “Qəbələ” Türkiyədə təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq prosesinin ilk gününü yekunlaşdırıb.

Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalda hazırlıq keçən futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Meydanda baş tutan ikinci məşq toplu və topsuz çalışmalardan ibarət olub. Hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.

Qəbələnin eyniadlı təmsilçisi artıq bu gün – iyulun 12-də Boluda ilk yoxlama oyununu da keçirəcək. “Qırmızı-qaralar” qardaş ölkədəki hazırlığın ikinci günündə Moldova təmsilçisi “Sukleya” ilə görüşəcəklər. Qarşılaşma komandanın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Eyniadlı şəhəri təmsil edən “Sukleya”nın əsası 2018-ci ildə qoyulub. Növbəti il 2-ci liqanın cənub zonasının çempionu olan komanda 1-ci dəstəyə vəsiqə qazanıb. 2020/2021 mövsümündən burada çıxış edən “Sukleya” ötən çempionatda pley-offa vəsiqə qazansa da, ilk raundda mübarizəni dayandırıb.

Xatırladaq ki, “Qəbələ” Boluda bütövlükdə üç yoxlama matçı keçirəcək. Komandanın Türkiyədəki təlim-məşq toplanışı iyulun 20-nə qədər davam edəcək.

Elmar Baxşıyevin çalışdırdığı komandanı bu yay Avropa Konfrans Liqasında da mübarizə gözləyir. Azərbaycan təmsilçisi Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək. Turnirin 2-ci təsnifat mərhələsinin qarşılaşmaları iyulun 27-də və avqustun 3-də baş tutacaq.

Yoxlama oyunu
12 iyul

17:00. “Qəbələ” – “Sukleya”
Bolu. “Termal otel”in məşq bazası

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: