Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün qalan hissəsinə hazırlaşan “Qəbələ” növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün ikinci hissəsinə hazırlıq çərçivəsində “Qaradağ Lökbatan”la üz-üzə gəliblər.
Bu, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komandanın qış fasiləsində ikinci sınaq matçı olub. Qarşılaşma Binə qəsəbə stadionunda baş tutub. Hər hissədə bir qol vuran əyalət təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
İlk yarıda Elşad Tağıyev hesabı açıb. Fasilədən sonra Domi Massumu fərqi artırıb. Beləliklə, “qırmızı-qaralar” 2025-ci ildəki yoxlama oyunlarında ardıcıl ikinci qələbəsini qazanıb.
Xatırladaq ki, hazırlığa yanvarın 9-da start verən “Qəbələ” ilk yoxlama oyununda “Mingəçevir”ə də 4:0 hesabı ilə qalib gəlmişdi.


