Türkiyənin “Qalatasaray” klubu 3 futbolçusu ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Super Liqa nəhəngi yarımmüdafiəçi Taylan Antalyalı, müdafiəçi Kristian Luyindama və qapıçı İsmail Çipe ilə yeni sözləşmə imzalandığını açıqlayıb. Yeni alaşmaya əsasən, Antalyalı 2026-cı, Luyindama 2024-cü, Çipe isə 2023-cü ilin yayınadək “sarı-qırmızılı” formanı geyinəcək.
İsmail Çipe “Qalatasaray”ın öz yetirməsidir. 26 yaşlı qolkiper daha çox digər klublarda icarədə oynayıb. O, “Fatih Karagümrük”, “Tuzlaspor” və “Kayserispor”un uğurları üçün də çalışıb.
Taylan Antalyalı 2019-cu ilin yayından “Qalatasaray”da çıxış edir. 26 yaşlı yarımmüdafiəçi daha öncə “Bucaspor”, “Gənclərbirliyi”, “Kayseri Erciyespor”, “Hacettepe” və “Ərzurumspor” kimi klubların da formasını geyinib.
Kristian Luyindama da 2019-cu ildən “Qalatasaray”da forma geyinir. Konqolu stopper əvvəllər ölkəsində “Mazembe”nin, Belçikada isə “Standard” klubunun formasını geyinib.


