“Qarabağ” “Zirə”yə, “Turan Tovuz” “Paxtakor”a qarşı

Hazırda təlim-məşq toplanışında olan “Qarabağ”, “Sabah”, “Zirə”, “Şamaxı” və “Turan Tovuz” komandaları bu gün yoxlama oyunu keçirəcəklər.

Arena.az xəbər verir ki, yanvarın əvvəlindən təlim-məşq toplanışına başlamış Premyer Liqa təmsilçiləri növbəti sınaq oyunlarına çıxacaqlar.

Son çempion, hazırkı lider və qış çempionu olan “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək. Ağdam və Zirə təmsilçiləri Bakıdakı “Azərsun Arena”da üz-üzə gələcəklər. Qarşılaşmaya saat 15:30-da start veriləcək.

Bundan öncə “Sabah” və “Şamaxı” komandaları arasında qarşılaşma baş tutacaq. Masazırda keçiriləcək oyuna saat 15:00-da start veriləcək.

Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşan “Turan Tovuz” da  Özbəkistanın “Paxtakor” komandası ilə qarşılaşacaq. Qərb təmsilçisinin sınaq oyununun start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

Xatırladaq ki, “Turan Tovuz” bu qış fasiləsində ölkədən kənarda hazırlıq keçən yeganə Azərbaycan klubudur. Digər klublarımız qısa fasilə dönəmini elə ölkə ərazisində dəyərləndirməyə qərar veriblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: