“Qarabağ”ın rəqibində Kevin De Bröyne şoku

Futbol üzrə İtaliya çempionu olan “Napoli”nin aparıcı futbolçularından olan belçikalı yarımmüdafiəçi Kevin De Bröyne zədələnib.

Arena.az bu barədə Neapol klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, belçikalı futbolçu A Seriyasının 8-ci turunda “İnter”lə oyunda (3:1) sıradan çıxıb. 33-cü dəqiqədə penalti zərbəsindən hesabı açan belçikalı yarımmüdafiəçi elə həmin an zədələnib. Onun ən azı 3-4 ay yaşıl meydanlardan kənar qalması gözlənilir.

Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir. Bu komandalar arasındakı matç noyabrın 26-da Neapol şəhərində baş tutacaq. De Bröynenin Bakı vaxtı ilə saat 00:00-da start götürəcək bu görüşü buraxacağı şübhə doğurmur.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə “Mançester Siti”dən azad agent qismində ayrılmış De Bröyne “Napoli”yə qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

De Bröyne cari mövsümdə “Napoli”nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kevin De Bröyne “Genk”in məzunudur. Futbolçu, karyerası ərzində “Çelsi”, “Verder” (icarə), “Volfsburq” və “Mançester Siti”də oynayıb.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 115 oyun keçirib, 36 qol vurub, 53 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: