“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzonun transfer olunmasına münasibət bildirib.
Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında portuqaliyalı futbolçunun komandasının oyun üslubuna tam uyğun gəldiyini deyib:
“Çox şadam ki, daha bir yaxşı oyunçunu transfer edə bildik. Rafael Quzzo bizim oyun üslubumuza tam uyğun gələn maraqlı futbolçudur. Düzdür, bizə bir az gec qoşulub, amma qısa müddətdə onu optimal formaya çatdırıb xidmətlərindən yararlanmaq istəyirik. Quzzonun bizə çox köməyi dəyəcək. Ona ümidimiz böyükdür”, deyə Qriqorçuk yeni futbolçusunu tərifləyib.
Xatırladaq ki, Portuqaliyanın “Şaveş” klubundan gəlmiş mərkəz yarımmüdafiəçisi Rafael Quzzo bu gün “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Quzzo yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameyilli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacarır.
Rafael əslən Braziliyadan olsa da, Portuqaliya vətəndaşlığı da var. O, Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub.
“Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan”, “Vizela” klublarında çıxış etmiş futbolçu Portuqaliya yüksək liqasında 100-ə yaxın oyun keçirib. O, İspaniya 2-ci La Liqasında (“Reus”, ) və Braziliya A Seriyasında (“Qoyas”) da oynayıb.


