“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqa çempionluğu uğrunda “şəhərlilərin” əsas rəqibləri haqda danışıb.
Arena.az BBC-yə istinadən “Pep”in bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Qızıl”a kiminlə iddia edəcəyik? Sözsüz ki, “Liverpul”la birlikdə. Titula kimin iddia edəcəyini təhlil etmək üçün ilk 10 oyunu dəyərləndirmək lazımdır. Biz hələ 10 oyunumuzu keçirməmişik. Biz gözləməliyik, amma böyük klublar həmişə titul üçün iddialılar arasındadırlar”, deyə Qvardiola bildirib.
Hazırda “Mançester Siti” 7 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 18 xalla liderdir.
“Liverpul” isə 7 turdan sonra 16 xalla 4-cü pillədə qərarlaşıb. “Qırmızılar” mövsümə uğurlu başlasalar da, “Tottenhem”lə oyunda (1:2) mə’lum VAR qalmaqalının da təsiri ilə vacib 3 xal itirərək, cari mövsümdə ilk məğlubiyyət acısını yaşayıblar.
Sabah, oktyabrın 8-də hər iki komandanı səfər sınağı gözləyir. “Mançester Siti” “Arsenal”ın, “Liverpul” isə “Brayton”un qonağı olacaq.


