“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Yurgen Klopun çalışdırdığı “Liverpul”u məşqçilik karyerasının ən çətin rəqibi hesab edir.
Arena.az “Mundo Deportivo” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikriini təqdim edir:
“Kloppun rəhbərliyi altındakı “Liverpul” mənim üçün ən çətin komanda idi, çünki oyun tərzinə görə onlara qarşı çıxmaq çox çətin idi, ona görə də onlara qarşı əldə etdiklərimizə görə, haqlarını verirəm. Bu, bizim əldə etdiyimiz ən böyük uğurdur”, deyə Qvardiola bildirib.
Xatırladaq ki, Yurgen Klopp 2023/2024-cü illər mövsümünün bitməsilə “Liverpul”un baş məşqçisi vəzifəsindən ayrılıb. Klopp “Liverpul”un sükanı arxasına 2015-ci il oktyabrın 8-də gəlib. Bu müddət ərzində 56 yaşlı alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Klopun rəhbərliyi altında “Liverpul” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Ən əsası isə alman mütəxəssis “Liverpul”u İngiltərə futbolunda itirdiyi mövqeyinə qaytarmağı bacarıb.
Klopp “Liverpul”u 489 oyuna çıxarıb. “Qırmızılar” bu oyunlarda 304 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1088:550 nisbətindədir.
Alman mütəxəssis daha öncə ölkəsində “Borussiya” (Dortmund) və “Maynts” komandalarını da çalışdırıb.
Əlavə edək ki, hələ 2024-cü ilin əvvəlində Klop “Liverpul”dan ayrılacağı haqda qərara gəldiyini bəyan edəndə, bunu istirahətə ehtiyac duyması ilə əsaslandırmışdı. Buna rəğmən, Klopp “Red Bull”da futbol əməliyyatlarının dünyəvi rəhbəri vəzifəsinə təyinatına razılıq verib. Alman mütəxəssis 2025-ci ilin yanvarından öz vəzifəsinin icrasına başlayacaq.


