Rəşad Sadıqov: “Müdafiəyə çəkilmək istəmirdik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Olduqca maraqlı oyun oldu. İlk dəqiqələrdən meydanda aqressiv və taktiki mübarizə gedirdi. Birinci hissə bərabər səviyyədə keçdi. İkinci hissədə daha sürətli oynamağa çalışdıq və müdafiəyə çəkilmək istəmirdik. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları yerinə yetirdilər, əzmkar mübarizə apardılar. Qarşımızda çox güclü rəqib var idi. Vacib 3 xal qazandıq. Futbolçularımı və rəhbərliyi təbrik edirəm. Bu gün futbolçularımın əzmkarlığı ilə fəxr etdim”.

Rəşad Sadıqov “Neftçi”nin baş məşqçisi Yuri Vernidubla matçdan sonra görüşə bilməməsinə də aydınlıq gətirib:

“Yaxınlaşıb sağollaşmaq istədim, amma birbaşa paltardəyişmə otağına getdi. Sonradan bildirdi ki, məyus olduğu üçün paltardəyişmə otağına yollanıb. Yuri Verniduba məşqçi və insan kimi böyük rəğbətim var. O, 5-6 aydır buradadır və bilmir ki, “Zirə” illər boyu hakim səhvlərindən nə qədər əziyyət çəkib. Hansısa mübahisəli epizod xatırlamıram”.

Rəşad Sadıqov “Qarabağ”ın avrokuboklardan kənarda qalmasından sonra Qurban Qurbanova yönələn tənqidləri də pisləyib:

“Məyusluq yaşayıram. O fikirləri səsləndirən bəzi insanlara görə bu məyusluğu yaşayıram. Onların adına heyfslənirəm. Bu söhbəti dostlarıma demişəm. Həqiqətənmi bu təfəkkürdəyik? “Qarabağ” əlindən gələni etdi. Rəqib çox ciddi idi, püşk də çox ağır gətirirdi. “Dinamo” (Kiyev), “Tvente” və zədələr… Hər şeyin uğurlu alınması üçün bu məqamlar önəmlidir. Vəziyyəti hamımız başa düşürdük. Bu cür vəziyyətlərdə nə etmək olar? İlk oyunda alındı, amma cavab görüşündə rəqib bir az da “Qarabağ”ı daha yaxşı tanıdı və ikinci oyuna çox motivasiya ilə çıxmışdı. Fikrimcə, Qurban müəllim daha da güclü geri dönüş edəcək. 12 il bura qədər gəlmək fantastik göstəricidir”.

“Səhvlərimizi təhlil etməliyik” – Yuri Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Bu gün uduzduq. Futboldur, belə şeylər olur. Bizi sıxışdırdıqları məqamlar olmadı. Buna görə ruhdan düşmək lazım deyil. Səhvlərimizi təhlil etməliyik. Hələ üçüncü turdur, hər şey qarşıdadır. Hücumlar etdik, qalib gəlmək istəyirdik. 20 dəqiqə 10 nəfərlə oynamağımıza baxmayaraq, dayanmadıq. Yanaşmanı bəyəndim, sona qədər mübarizə apardıq. Bir səhv etdik, o da olmamalı idi. Həmin qol olmasaydı, ikinci hissə başqa cür keçəcəkdi. Daha yaxşı oynamaq üçün dincəlmək, sonra oyunu təhlil edib, davam etmək lazımdır.

İlk hissədə pressinqimiz yetərli olmadı. Həm “Zirə”, həm də biz daha çox uzun ötürmələrlə oynayırdıq. Bu isə heç birimizə üstünlük vermirdi. Kim necə oynamadı, niyə qol vura bilmədik, bunlar öz mətbəximizdir və hər şeyi müzakirə edəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: