Portuqaliya yığmasının və “Milan”ın sol cinah vingeri Rafael Leao Səudiyyə Ərəbistanı çempionatına keçid ehtimalına münasibət bildirib.
Arena.az “La Gazetta dello Sport” nəşrinə istinadən Leaonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Heç vaxt heç vaxt demə, amma mən indi məni çox yaxşı qəbul etmiş klubdayam. Mən bu komanda ilə müqaviləmi uzatdım və heç nəyə peşman deyiləm. Getməyi planlaşdırsaydım, bunu etməzdim. Mən qarşıdakı iki-üç il ərzində “Milan”da böyük nailiyyətlər əldə etməyə köklənmişəm. Səudiyyə Ərəbistanına getmək üçün mən hələ ki, hansısa ciddi nəticə əldə etməmişəm.
Əlbəttə, bizim dövrümüzdə pullar böyük çəkiyə malikdir, amma şəxsən mənim üçün Çempionlar Liqası 10 milyon avro maaşdan daha dəyərlidir”, deyə Leao bildirib.
Rafael Leao “Sportinq”in yetirməsidir. Portuqal vinger “Milan”a 2019-cu ilin avqustunda 29,50 milyon avro qarşılığında “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bu müddət ərzində Leao “rossoneri”nin heyətində 169 oyuna çıxıb, 46 qol vurub, 38 məhsuldar ötürmə verib. Cari mövsümdə portuqal vinger “Milan” üçün 6 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə ilə fərqlənib.
Leao “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.
Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 21 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib. Vingerin aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var. Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet portalı 24 yaşlı Rafael Leaonu 90 milyon avro məbləğində qiymətləndirir.


