Rafael Leao: “Ehtiyatda oturmaqdan xoşlanmıram”

“Milan”ın portuqaliyalı cinah hücumçusu Rafael Leao “rossoneri”nin baş məşqçisi, həmyerlisi Paulo Fonseka ilə münasibətindən söhbət açıb.

Arena.az “O Jogo” portuqal nəşrinə istinadən, Leaonun bu barədə fikrini təqdim edir:

“Mövsüm ərzində fərqli xüsuslar yaşanır, baş məşqçinin mənə qarşı heç bir qərəzi olmadığı kimi, mənim də Fonsekaya qarşı heç bir qərəzim yoxdur. Məsələ həllini tapıb. Mən ehtiyat oyunçular skamyasında oturmağı sevmirəm, amma o, qərarlar verməlidir və mən də bir oyunçu kimi ona hörmət etməliyəm. Meydana çıxanda isə komandaya kömək etmək üçün əlimdən gələni edirəm”, deyə Leao vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, Leaunun öz ətrafına, “Milan” daxilindəki münaqişələr səbəbindən “Barselona”ya keçmək arzusunda olduğunu bildirdiyi haqda məlumat yayılıb.

Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Leao “Milan” üçün bütün yarışlarda 14 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 224 oyun,, 61 qol, və 55 məhsuldar ötürmədən ibarətdir.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.

Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 35 oyun keçirib, 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.

Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: