Rafael Leao: “Mənim gələcəyim “Milan”dadır”

“Milan”ın portuqal vingeri Rafael Leao gələcəyi haqda danışıb və “rossoneri” ilə kuboklar qazanmaq istədiyini də bildirib.

Arena.az portuqal futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mənim gələcəyim “Milan”dadır. Hələ dörd illik müqaviləm var. Çox çətin vəziyyətdə qalanda “Milan” mənə kömək etdi, mənə dəstək oldular. Mən unutmuram, sadiqəm. Mən bura uşaq vaxtı gəlmişəm, burada həm insan, həm də futbolçu kimi böyümüşəm. Yenə qalib gəlmək istəyirəm, başım buradadır”.

Leao futbol və musiqidəki kumirləri ilə bağlı sualı da cavablayıb:

“Futbol və musiqi kumirlərimmi? Kristiano Ronaldo. Uşaqlıqda Ronaldinyo idi. Mənim musiqidə əsl kumirim yoxdur. Bob Marley istisna olmaqla. Onun şərəfinə döymə vurdurmuşam”, deyə Leao fəxrlə bildirib.

Rafael Leao “Sportinq”in yetirməsidir. Portuqal vinger “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro qarşılığında “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bu müddət ərzində Leao “rossoneri”nin heyətində 197 oyuna çıxıb, 52 qol vurub, 46 məhsuldar ötürmə verib. Cari mövsümdə portuqal vinger “Milan” üçün bütün yarışlarda 34 oyun keçirib, 9 qol vurub, 10 məhsuldar ötürmə verib.

Leao “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.

Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib. Vingerin aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var. Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı portuqal sol vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: