İtaliyanın “Milan”ın klubunun portuqaliyalı cinah hücumçusu Rafael Leao bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Qalatasaray” bu transfer üçün İtaliya klubuna 38 milyon avro ödəyib. Futbolçunun bir sonrakı satışından da 20 faiz pay “Milan”a çatacaq. Leao yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, İstanbul təmsilçisində ilinə 10 milyon avro qazanacaq.
Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçmişdi. Onun İtaliya klubu ilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi var idi.
Leao son mövsümdə “Milan” üçün bütün yarışlarda 31 oyun keçirib, 10 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 291 oyun, 80 qol və 65 məhsuldar ötürmədən ibarətdir.
Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib, eləcə də 2024-cü il İtaliya Super Kubokunu qazanıb.
Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 49 oyun keçirib, 6 qol vurub, 8 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.
Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


