Ramin Nəsirli rəsmən “Araz-Naxçıvan”da!

Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan” “Neftçi”dən ayrılmış gənc yarımmüdafiəçi Ramin Nəsirli ilə gücləndiyini rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan” dövrələrarası fasilədə heyətini gücləndirməyə çalışır. Klub son olaraq Ramin Nəsirli ilə anlaşıb. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə 6 ay + 1 il müddətinə anlaşma imzalanıb.

“Neftçi”nin yetirməsi olan Nəsirli bir müddət Latviyanın güclülər dəstədində iştirak edən “Daugavpils” klubunda legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb.

“Araz-Naxçıvan”a keçidi ilə bağlı açıqlama verən Nəsirli klubun rəsmi saytına bunları deyib: “Baş məşqçi ilə görüşdük, məni komandada görmək istədiyini bildirdi. Dəvətə və etimada görə ona təşəkkür edirəm. Üzərimdə çalışacağam. Məqsədim əsas komandada meydana çıxmaq, daimi oynamaqdır. Bilirəm, mövqeyimdə rəqabət var, ancaq bura ehtiyatda oturmaq üçün gəlməmişəm. Başqa klublardan da təkliflər var idi. Latviyadan və yerli klublarımızdan dəvət almışdım, ancaq “Araz-Naxçıvan”ın oyun üslubu daha cəlbedici olduğuna görə, bu komandanı seçdim. Kollektiv də məni mehriban qarşıladı. Artıq iki məşqdə iştirak etmişəm. Gördüklərim məni qane edir”.

Xatırladaq ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl qış transfer pəncərəsi çərçivəsində İldar Ələkbərovu “Sabah”dan icarəyə götürmüşdü.

Elita təmsilçisi gənc oyunçularından Bayraməli Qurbanovla Nihad Qurbanlını da Birinci Liqa klublarına icarəyə verdiyi açıqlayıb. Qurbanov bu mövsümün sonuna kimi “Difai”də, Qurbanlı isə MOİK-də icarədə olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: