Geridə qalan mövsümün sonunda elitanı tərk edən “Şamaxı”nın müdafiəçisi Rauf Hüseynli “Qəbələ”yə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. “Qırmızı-qaralar” Rauf Hüseynlinin keçidini gerçəkləşdirib. 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Karyerasına “Qarabağ”da başlayan Rauf Hüseynli “Zirə”də də forma geyinib. O, geridə qalan mövsümdə “Şamaxı”nın heyətində 32 oyuna çıxıb, 1 qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Hüseynli Azərbaycan yığmalarında da çıxış edib. O, ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.
Xatırladaq ki, “Qəbələ” daha öncə Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Abramov və Osama Xalaylanı da heyətinə qatmışdı.
İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana və Omar Hani ilə də yeni müqavilə imzalanıb.
Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato, Rafael Utziq və Rüfət Əhmədov isə komandadan ayrılıb.


