Rodriqo Bekao və Bartuğ Elmaz rəsmən “Fənərbaxça”da!

İtaliyanın “Udineze” klubunun Braziliyadan olan mərkəz müdafiəçisi Rodriqo Bekao bundan sonra “Fənərbaxça”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstanbul təmsilçisi onu A Seriyası klubundan 8.31 milyon avroya transfer edib. 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Rodriqo Bekao “Udineze”yə 2019-cu ilin iyul ayında Braziliyanın “Bahia” klubundan transfer olunmuşdu. O, bu komandada 130 oyun keçirib, 6 qol və 3 məhsuldar ötürmə müəllifinə çevrilib. Bekao daha öncə “Bahia”dan başqa Moskva ÇSKA-sının da uğurları üçün çalışıb.

“Fənərbaxça” Fransanın “Olimpik” (Marsel) klubunun yarımmüdafiəçisi Bartuğ Elmazı da transfer edib. 20 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Türkiyə nəhənginin bu keçidə görə Fransa klubuna nə qədər təzminat ödədiyi açıqlanmır.

Bartuğ Elmaz “Fənərbaxça”nın əzəli rəqibi olan “Qalatasaray”ın yetirməsidir. Gənc futbolçu ötən ilin yayında İstanbul təmsilçisindən azad agent kimi ayrılaraq Marsel “Olimpik”inə keçmişdi. O, Fransa klubunun əsas komandasında da 1 oyuna çıxıb. Yarımmüdafiəçi “Qalatasaray”ın əsas komandasında da 2 oyun keçirmişdi. Bu ildən Türkiyənin U-21 yığmasına çağırılan futbolçu daha öncə aşağı yaş qrupları üzrə digər milli komandalarda da forma geyinib.

Bekao “Fənərbaxça”da 50, Elmaz isə 28 nömrəli formanı geyinəcək.

Yeri gəlmişkən, “Fənərbaxça” Almaniya klublarının maraq dairəsində olan müdafiəçisi Atilla Salai ilə də bağlı açıqlama yayıb. Macarıstandan olan 25 yaşlı futbolçuya başqa klublarla transfer danışıqları aparmaq üçün xüsusi icazə verildiyi diqqətə çatdırılıb. Bu isə onun yaxın günlərdə Türkiyə nəhəngini tərk edəcəyindən xəbər verir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: