Ronaldinyo “Milan”ın və Leaonun çıxışına qiymət verdi

Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo hazırda bərbad surətdə çıxış edən “Milan”ın gələcək uğurlarına ümidvar olduğunu bildirib.

Arena.az Ronaldinyonun müvafiq açıqlamasını təqdim edir:

“Milan”da əla oyunçular toplanıblar. Onların yaxşı komandası var. Düşünürəm ki, növbəti ildə onlar daha böyük uğurlara müvəffəq ola biləcəklər”, deyə “Roni” vurğulayıb.

Ronaldinyo “Milan”ın 25 yaşlı portuqaliyalı sol cinah hücumçusu Rafael Leaoya hansı məsləhət verəcəyi ilə bağlı sualı da cavablayıb:

“Leaoya məsləhət? Onun tövsiyələrə gərəyi yoxdur. O, əntiqə futbolçudur. Mənim, oyununu izləməyi xoşladığım futbolçulardan biridir”.

Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Leao “Milan” üçün bütün yarışlarda 44 oyun keçirib, 11 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 254 oyun, 69 qol və 57 məhsuldar ötürmədən ibarətdir.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümündə İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib, eləcə də 2024-cü il İtaliya Super Kubokunu qazanıb.

Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 39 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.

Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: