2025/2026-cı illər mövsümünün bitməsi ilə “Şamaxı”dan ayrılmış sol cinah müdafiəçisi Rüfət Abbasov sabiq klubu “Neftçi”yə qayıdıb.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Belə ki, “Neftçi” bu gün yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib. Paytaxt təmsilçisi “Şamaxı”dan ayrılmış Rüfət Abbasovu heyətinə qatıb. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, köhnə-yeni komandasında 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/2022-ci illər mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı”nın formasını geyinmiş Rüfət Azərbaycanın U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub. 2025-ci ildə o, əsas millimizdə debüt edib.
21 yaşlı futbolçu “Şamaxı”nın heyətində 74 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.


