Runi Raşforda “Mançester Yunayted”dən getməyi təklif etdi

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi mankunianların ingilis forvardı Markus Raşford haqda danışıb.

Arena.az 38 yaşlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz hamımız bilirik ki, Markus ən yüksək səviyyədə oynamağa qadirdir. Sadəcə düşünürəm ki, Markusun gedib başqa yerdə oynamasının vaxtı çatıbmı? Bilmirəm. Bu sualı özünə verməlidir.

Onun bu klubda qalmasını və rekordlar qırmasını istəyirəm. Ancaq o, özünü toparlamalı, başını aşağı salmalı, çox çalışmalı və ola biləcəyini bildiyimiz oyunçuya qayıtmalıdır”, deyə Runi ümidlə bildirib.

Qeyd edək ki, Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun bu klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində bütün yarışlarda 41 oyuna çıxıb. O, bu oyunlarda 8 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Markusun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 400 oyun, 131 qol və 64 məhsuldar ötürmə.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: