Bu gün Əvəzedicilər Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmuş “Sabah-2” komandasının mükafatlandırma mərasimi baş tutub.
Arena.az xəbər verir ki, “Masazır Arena”da keçirilmiş tədbirdə turnirin qalibi olmuş komandaya qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Qalib komandaya qızıl medalları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, futbol üzrə Azərbaycan əsas millisinin direktoru İlqar Qurbanov və “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov təqdim ediblər.
Ardınca “Sabah-2” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
Xatırladaq ki, paytaxt təmsilçisi ötən gün keçirilmiş “Neftçi-2” ilə ev oyununda 1:1 hesablı heç-heçə sayəsində zirvədəki yerini qoruyaraq çempion olub. “Neftçi-2” də liderlə eyni xalı (69) toplamasına baxmayaraq, ikinci yeri tutub. Bürünc medallar isə 63 xala malik “Turan Tovuz”un ikinci komandasına qismət olub.


