“Sabah” Serbiyada ilk qələbəsini qazandı

Serbiyada təlim-məşq toplanışında olan basketbol üzrə Azərbaycan çempionu “Sabah” hazırlıq çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, komandamızın FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində növbəti rəqibi Serbiyanın “OKK Belqrad” klubu olub.

Belqradda keçirilən oyun Bakı təmsilçisi üçün uğurlu alınıb. Belə ki, Serbiya Basketbol Liqasında mübarizə aparan rəqiblə görüş 97:84 hesablı qələbə ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan çempionu ilk yoxlama oyununda Serbiyanın “Vrsaç” komandasına 57:62 hesabı ilə məğlub olmuşdu. Yerli “Radniçki”yə qarşı ikinci oyun da təmsilçimizin 81:82 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

“Sabah” Serbiyada yerli klublarla daha üç yoxlama oyunu keçirəcək:

15 sentyabr. “Boraç Zemun” (Serbiya)
16 sentyabr. “Srvena Zvezda-2” (Serbiya)
17 sentyabr. “Zlatibor” (Serbiya)

“Sabah” bu mövsüm 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək. Komandamız FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində mübarizə aparacaq. A qrupunda qərarlaşan Azərbaycan çempionu “Donar” (Qroningen, Niderland), “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: