Samir Abasov: “VAR-ı rədd etmək lazımdır”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, “ağ-qaralar”ın 1:0 hesablı qələbəyə sevindikləri matçdan (ilk oyun 2:0) sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm. Bizi yaxşı dəstəklədilər. Meydançaya baxan insanlar var, bu oyunda da, “Sumqayıt”la oyunda da çox əziyyət çəkdilər. Məşq meydançalarımızı da təmizləyib, bizə şərait yaradırlar. Hamısına təşəkkür edirəm. O qədər belə insanlar var ki, kölgədə qalırlar. Onlara təşəkkür etmək borcumuzdur.

Komandanı bu oyuna hazırlamaq önəmli idi. 2:0 hesabı da təhlükəli idi, rahatlığı aradan qaldırmaq lazım idi. Uşaqlar ilk dəqiqədən oyuna hansı niyyətlə çıxdıqlarını göstərdilər. Futbol haqda danışmaq çox çətindir. Məlum məsələdir. Bu cür oyunlarda xarakter önə çıxır, vuruşmalısan. Futbolçular konsentrasiyalı, yüksək səviyyədə oynadılar. Paltardəyişmə otağında onlara təşəkkür edə bilmədim. Tez geyinib, bazaya getməliyik. Sağ olsunlar. Birinci oyunda cütün taleyi bəlkə də həll olunmuşdu. Amma bu gün xarakter göstərmək də çox önəmli idi, onu da bacardılar.

Yarımfinaldakı rəqibimiz “Sabah”dır. Onlar da kuboka kökləniblər. Bu mövsüm nə qopara bildiksə, qoparacağıq. Kubok olsun, çempionat olsun, fərq etmir. Bacardığımız qədər yaxşı oynayacağıq. Pis oynadığımız oyunlarda da xal toplamağa çalışacağıq”.

Samir Abasovun VAR üsyanı

Samir Abasov hakimlikdən də şikayətlənib, hətta VAR-ın tətbiqinə qarşı çıxıb:

“Bir-iki ildir ki, referilər haqda danışmaq istəmirdim. Amma son vaxtlar verilən qərarlar, bizim matçlarda baş verən hadisələr məni narahat etməyə başlayıb. Bu hardan irəli gəlir? Hakimlər üçün də bu gün çox çətin idi, qaça-qaça meydançanı görmək… Amma elə epizodlar var ki, TV-də siz də, köhnə hakimlər də dəfələrlə vurğulayıblar. Bizə referilər seminar keçirlər. Hər epizod kitabdakı qədər olmur. Həmin vəziyyətə görə hər şeyi analiz edib ondan sonra qərarlar verilməlidir. Bugünkü qırmızı vərəqəyə etiraz etdim və edirəm də. Top bizim oyunçudadır. Aqressiya yox, top almaq yox. Pas verir və ayağı dəyir. Şiddət də yoxdur. VAR sistemi var. VAR-a baxa-baxa düşünməyə vaxt da olur. Sarı vərəqə də göstərmisən. Qırmızılıq bir şey yox idi, etiraz edirəm. Bir az diqqətli olmaq lazımdır. Başqa cür anlaşıla bilər. Bəzi epizodları qarşımıza qoyarlar ki, xeyrinizə qərarlar verilib. Referilərin düşdüyü vəziyyətdə kitbaba yox, həmin vəziyyətə görə qərar vermələrini istəyirəm. Qırmızı vərəqə ağır idi. VAR-ı rədd eləmək lazımdır. Bilmirəm, hakim futbol oynayıb, ya oynamayıb. Top ayağımdadır və pas verirəm, şiddət yoxdur. Qırmızıdan danışmaq olmaz. VAR çağırsa da, analiz edə bilərsən. Sarı vərəqə ilə söhbət bağlanmalı idi. Dediklərim ağır çıxa bilər. Sadəcə, məntiqlə düşünmək lazım idi. Dedim məntiqlə düşün və sarı vərəqə mənə verildi. Məntiqlə düşünsəydi, qırmızı çox idi. Qərəzdir, ya deyil, kimə görə edilib, bilmirəm”.

“Neftçi” ilə matçlarda şanssızlıq çox olur”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər komandamızın yanında idilər. Bu, gələcək oyunlar üçün motivasiyadır. Maraqlı oyun keçdi. Qollarımızı vura bilmədik. “Neftçi” ilə matçlarda şanssızlıq anları çox olur. Daha çox qol epizodlarını bu matçlarda yaradırıq. Bunun üzərində işləməliyik. Dinamik matç keçdi. Təəssüf ki, uduzduq. Bu mövsüm dörd dəfə “Neftçi” ilə qarşılaşmışıq. Bəzi şeyləri analiz etməyə dəyməz. Dediyimiz səhvlər var ki, qalib gəlmək üçün onları minimuma endirməliyik. Futbolçular bəzi şeyləri meydanda daha yaxşı icra etməyə başlayanda daha da yaxşı olur. Çox futbolçunun potensialını bilirik. Oyun intizamı futbolda çox önəmlidir. Son məğlubiyyətlərə səbəb odur”.

Xəbəri sosial şəbəkələrdə paylaş: