Futbol üzrə Nigeriya milli komandasının və İtaliyanın “Milan” klubunun sağ cinah vingeri Samuel Çukvueze uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 24 yaşlı futbolçu zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacaq. Belə ki, o, oktyabrın 22-də A Seriyasında “Yuventus”, həmçinin UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın PSJ komandası ilə 3-cü və 4-cü turun (25 oktyabr və 7 noyabr) matçlarında iştirak edə bilməyəcək.
Xatırladaq ki, Samuel Çukvueze bu yay İspaniyanın “Vilyarreal” klubundan 20 milyon avro müqabilində İtaliya təmsilçisinə keçib. “Vilyarreal”ın yetirməsi olan nigeriyalı vinger La Liqa klubunun əsas komandasında 207 oyun keçirib, 37 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb. O, Nigeriya millisində də 28 oyuna 4 qol vurub. “Milan”da isə 9 oyuna çıxmış futbolçu İtaliya nəhəngində hələ qol hesabını aça bilməyib.


