Braziliya millisinin və “Mançester Siti”nin hücumçusu Savinyo bundan sonra İngiltərənin digər klubu “Tottenhem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Tottenhem” bu transfer üçün Mançester klubuna 87,7 milyon avro təzminat ödəyib. 22 yaşlı hücumçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları isə açıqlanmayıb.
Xatırladaq ki, Braziliya millisinin sağ vingeri 2024-cü ilin yayında “Trua”dan 25 milyon avro müqabilində “Mançester Siti”yə keçmişdi. 22 yaşlı futbolçunun İngiltərə klubu ilə 2031-ci ilin 30 iyununa qədər müqaviləsi vardı. O, “şəhərlilər”in heyətində bütövlükdə 84 oyuna çıxıb, 7 qol və 16 məhsuldar ötürmə müəllifi olub.
Savinyo Braziliyanın “Atletiko Mineyro” klubunun yetirməsidir. O, 2022-ci ilin iyul ayında 6,5 milyon avro qarşılığında “Trua”ya keçsə də, Fransa klubunun heyətində 1 oyuna da çıxmayıb. Çünki vinger 2022/2023 mövsümünü Niderlandın PSV, 2023/2024 mövsümünü isə İspaniyanın “Jirona” klubunda icarədə keçirib.
Savio Moreyra de Oliveyra Braziliyanın U-16, U-18, U-20 yığmalarında oynadıqdan sonra 2024-cü ilin martında əsas millidə debüt edib. Savinyo Braziliya yığmasının heyətində meydana çıxdığı 13 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.


