Serxio Regilon “Mançester Yunayted”dən ayrıldı – Rəsmi

İngiltərənin “Mançester Yunayted” klubu “Tottenhem”dən icarəyə götürdüyü ispan müdafiəçi Serxio Regilon ilə yollarını ayırıb.

Arena.az bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, Regilon transfer hüquqlarının məxsus olduğu “Tottenhem”ə qaytarılıb. Lakin müdafiəçinin London klubundakı aqibəti də qeyri-müəyyəndir. O, “Tottenhem”də mütəmadi oyun vaxtı alacağından əmin olmasa, elə, bu qış transfer pəncərəsində “mahmızlar”ın düşərgəsini tərk edəcək. Belə ki, ispan futbolçu ehtiyatda qalmaq istəmir. Bu üzdən də o, mümkünsə icarəyə getməyə, hətta klubunu dəyişməyə hazırlaşır.

Xatırladaq ki, Serxio Regilon “Mançester Yunayted”ə bu mövsümün əvvəlində qoşulmuşdu. 27 yaşlı futbolçu bu komandada cəmi 12 oyuna çıxıb.

Regilon “Tottenhem”ə 2020-ci ildə Madrid “Real”ından keçib. İspaniya yığmasının üzvü London klubunda 67 oyuna çıxıb, 2 qol və 9 assistlə yadda qalıb. O, 2022/2023 mövsümünü də Madrid “Atletiko”sunda icarədə keçirib. Regilon daha öncə “Loqrones”də də çıxış edib, İspaniya millisində 6 oyunun iştirakçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: