İngiltərənin “Liverpul” klubu gənc futbolçusu Stefan Bayçetiç ilə müqavilənin müddətini artırmağa qərar verib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bu mövsümdən etibarən əsas komandanın heyətində meydana çıxmağa başlayan yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalandığını açıqlayıb.
Klub dəqiq müddəti açıqlamasa da, Britaniya mətbuatı tərəflər arasındakı sözləşmənin 2027-ci ilin 30 iyuna qədər nəzərdə tutulduğunu yazır.
İspaniyada dünyaya göz açdığı üçün bu ölkənin vətəndaşlığı da olan Stefan Bayçetiç əslən Serbiyadandır. 18 yaşlı yarımmüdafiəçi 2021-ci ilin yanvarında “Selta”dan “Liverpul”a keçib. O, bu mövsüm “Liverpul”un əsas komandasının heyətində 10 oyuna çıxıb, 1 qola imza atıb. Bayçetiç İspaniyanın U-18 yığmasında da forma geyinir. Onun gələcəkdə Serbiyanın əsas yığmasında oynayıb-oynamayacağı hələ bilinmir.


