“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya klubunun portuqaliyalı hücumçusu Rafael Leaonun tərəqqisini dəyərləndirib.
Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz ona öyrətdik və o, özünü öyrətməyə icazə verdi. Leao öyrənməyə hazır idi. İndi o, həmişə ola biləcəyini düşündüyümüz böyük oyunçu olmaq ərəfəsindədir. Mən onun nəinki öz ustalığında, həmçinin də məşqlərə və oyunda münasibətində xeyli yaxşılaşdığını görürəm”, deyə Stefano Pioli portuqal futbolçunu tərifləyib.
Xatırladaq ki, Rafael Leao “Sportinq”in yetirməsidir. Portuqal vinger “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro qarşılığında “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bu müddət ərzində Leao “rossoneri”nin heyətində 200 oyuna çıxıb, 54 qol vurub, 48 məhsuldar ötürmə verib. Cari mövsümdə portuqal vinger “Milan” üçün bütün yarışlarda 37 oyun keçirib, 11 qol vurub, 12 məhsuldar ötürmə verib.
Leao “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.
Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 24 oyun keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə verib. Vingerin aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var. Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı portuqal sol vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


