Futbol üzrə Niderland yığmasının yarımmüdafiəçisi Stiven Berqveyn İngiltərənin “Tottenhem” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu bundan sonra “Ayaks”ın uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Niderlandlı vinger Amsterdam təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.
“Ayaks” bu yayın ilk transferi üçün 31 milyon 250 min avrosundan keçib. Futbolçunun öz maaşı açıqlanmasa da, onun yeni komandasında 7 nömrəli formanı geyinəcəyi bildirilir.
Stiven Berqveyn kiçik yaşlarında “Ayaks”ın futbol akademiyasında olsa da, sonradan PSV-yə keçib. O, peşəkar karyerasına da məhz PSV-də başlayıb. 2014-2020-ci illər aralığında Eyndhoven təmsilçisində 149 matça çıxan vinger, 31 qol vurub. 2020-ci ilin yanvarında isə futbolçu 26.7 milyon avro qarşılığında “Tottenhem”ə transfer olunub. O, geridə qalan mövsümdə London təmsilçisində 25 matça çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bütövlükdə bu komandada 83 matça çıxan oyunçu, bu görüşlərdə cəmi 8 qol vura bilib. Yarımmüdafiəçi Niderland yığmasında keçirdiyi 22 oyunda da 6 qola imza atıb.


