Taylan Antalyalı “Qalatasaray”ı tərk etdi

Türkiyənin “Qalatasaray” klubunun mərkəz yarımmüdafiəçisi Taylan Antalyalı bundan sonra “Bodrumspor”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Super Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Bodrum klubu 29 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Taylan Antalyalı “Muğlaspor” və “Bucaspor” klublarının yetirməsidir. “Gənclərbirliyi”, “Kayeri Ərciyəsspor”, “Hacettepe”, “Ərzurumspor” kim klublarda da oynamış yarımmüdafiəçi “Qalatasaray”a 2019-cu ildə cəlb olunub. O, İstanbul nəhənginin heyətində 102 oyuna çıxıb, 2 qol və 8 məhsuldar ötürmə müəllifi olub. “Qalatasaray” Taylan Antalyalını ötən mövsüm “Samsunspor”a da icarəyə vermişdi. O, bu komandanın heyətində meydana çıxdığı 26 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Taylan Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, 2021-ci ilin mart ayında debüt etdiyi əsas millinin heyətində 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Bodrumspor” Ukraynanın “Vorskla” klubunun hücumçusu Taulant Seferini də heyətinə qatıb. Türkiyə klubu bu transfer üçün “Vorskla”ya 1,5 milyon avro ödəyib. 27 yaşlı futbolçu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Şimali Makedoniyada dünyaya göz açmış Taulant Seferi bu ölkənin “Rabotniçki” klubunun yetirməsidir. O, karyerası ərzində “Yanq Boyz”, “Vohlen”, “Vintertur”, “Ksamaks”, “Tirana”, “Teuta” kimi klublarda da forma geyinib. 2022-ci ildən “Vorskla”da çıxış edən forvard, Ukrayna klubunun heyətində 28 oyuna çıxıb, 13 qol vurub. Ötən mövsümü isə o, Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda icarədə keçriib – 28 oyun, 12 qol, 5 məhsuldar ötürmə.

Şimali Makedoniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Seferi, bu ölkənin əsas millisində 2 oyun keçirib. Daha sonra Albaniya yığmasında oynamağa qərar verən Taulant, 2019-cu ildə debüt etdiyi bu komandanın heyətində indiyə qədər 21 oyuna çıxıb, 3 qol vurub, 1 assist edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: