Tibo Kurtua milli karyerasına fasilə vermək istəyir

Futbol üzrə Belçika milli komandasının təcrübəli qapıçısı Tibo Kurtua yığmadakı çıxışına bir illik fasilə vermək istədiyini açıqlayıb.

Arena.az xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə jurnalist Alberto Pereyroya danışıb.

O bildirib ki, məqsədi dincəldikdən sonra Avropa çempionatının seçmə mərhələsində və final turnirində yenidən milliyə qayıtmaqdır:

“Bir il istirahət etmək, daha sonra isə Avropa çempionatının seçmə oyunlarında və final mərhələsində yenidən oynamaq istəyirəm. Bilmirəm, Belçika millisinin rəhbərliyi bu planı qəbul edəcək, ya yox”, – deyə Kurtua bildirib.

Xatırladaq ki, Belçika yığması DÇ-2026-nın 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Kurtua həmin görüşün 71-ci dəqiqəsində aldığı zədə səbəbindən əvəzlənib.

Tibo Kurtua 2018-ci ildən Madrid “Real”ının formasını geyinir. O, “kral klubu” ilə üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Bundan başqa, o, İspaniya Kubokunu, klublararası dünya çempionatını və FIFA Qitələrarası Kubokunu da qazanıb. Karyerası ərzində “Genk”, “Çelsi” və “Atletiko”nun da şərəfini qoruyub.

Təcrübəli qapıçı Belçika millisinin heyətində 2018-ci il dünya çempionatının bürünc medalını qazanıb. O, 2023–2025-ci illərdə isə keçmiş baş məşqçi Domeniko Tedesko ilə yaşadığı münaqişəyə görə milli komandada çıxış etməmişdi. Tedesko ötən ilin yanvarında vəzifəsindən ayrılıb, onu bu postda indiki baş məşqçi Rudi Qarsiya əvəz edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: