Niderlandın “Alkmar” klubunun 24 yaşlı mərkəz yarımmüdafiəçisi Ticani Reynders İtaliya nəhəngi “Milan”a keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb.
Niderlanddan olan futbolçu yeni klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb. “Milan” bu transfer üçün “Alkmar”a 19 milyon avro ödəyib. Reyndersin yeni komandasında 14 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

Ticani Reynders “Tvente”nin yetirməsidir. “Zvolle”də də oynamış yarımmüdafiəçi 2018-ci ildən “Alkmar”da çıxış edirdi. O, bu klubda olarkən “Valveyk”də icarədə də oynayıb. Futbolçunun “Alkmar” karyerası 128 oyun, 13 qol və 15 məhsuldar ötürmədən ibarətdir. O, Niderlandın U-20 yığmasında da forma geyinib.
Yeri gəlmişkən, “Milan”ın hücumçusu Marko Nasti icarə əsasında “Bari” klubuna keçib. 19 yaşlı futbolçu ilə 2023/24 mövsümünün sonuna kimi olan müqavilə imzalanıb.
Marko Nasti 2022/2023 mövsümünü icarə əsasında “Kozentsa”da keçirib. O, İtaliya B Seriyasında 27 oyuna çıxıb, 5 qol vurub. “Bari” də B Seriyasında mübarizə aparır.
