“Milan”ın niderlandlı mərkəz yarımmüdafiəçisi Ticani Reynders İtaliya klubunun cari mövsüm üçün hədəflərini açıqlayıb.
Arena.az 26 yaşlı futbolçunun bu barədə fikrini təqdim edir:
“Burada təzyiq həmişə yüksəkdir, biz isə qənimətlər qazanmalıyıq. “Milan” kimi klubda əldə edə biləcəyiniz əsas məqam – kuboklar qazanmaqdır. Bu, hamımızın bildiyi bir xüsus və uğrunda mübarizə aparmalı olacağımız bir məqamdır.
Mövsüm üçün hədəfimiz nədən ibarətdir? “Skudetto”nu qazanmaq və ancaq tək bundan da ibarət deyil. Biz mümkün qədər çox kubok qazanmaq istəyirik. Mövsümə yaxşı başlamadıq, amma komandamıza və böyük uğurlar qazanacağımıza inanıram”, deyə Reynders vurğulayıb.
Xatırladaq ki, Ticani Reynders İtaliya nəhəngi “Milan”a 2023-cü ilin iyul ayında Niderlandın “Alkmar” klubundan 19 milyon avro müqabilində keçib. Onun milanlılarla 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Reynders cari mövsümdə 9 oyuna çıxıb və 2 məhsuldar ötürmə müəllifi olub. Onun “Milan” karyerası bütövlükdə 59 oyun, 4 qol və 6 məhsuldar ötürmədən ibarətdir.
Ticani Reynders Niderlandın “Tvente” klubunun yetirməsidir. “Zvolle”də də oynamış yarımmüdafiəçi 2018-ci ildən “Milan”a keçənə qədər “Alkmar”da çıxış edib.
Reynders vaxtilə Niderlandın U-20 yığmasında da forma geyinib. 2023-cü ilin sentyabrından bəri isə o, Niderlandın əsas millisində çıxış edir. Ticani yığmada 17 oyuna 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


