“Zirə”nin legionerləri Toni Qomes və İssa İbrahim Cibrilla futbol üzrə Afrika Millətlər Kubokunda məğlubiyyətə üzülüblər. Arena.az xəbər verir ki, Toninin formasını geyindiyi Qvineya-Bisau yığması evdə Nigeriyaya, İssanın komandası – Niger millisi isə Əlcəzairə eyni hesabla (0:1) məğlub olub.
Hər iki futbolçu milli komandanın oyununu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
A qrupunda yer alan Qvineya-Bisau 4 turdan sonra 7 xalla ikinci pillədə qərarlaşıb. F qrupunda yer alan Niger yığma komandası usə 2 xalla 3-cü pillədədir.
Xatırladaq ki, İssa Cibrilla bu ilin yanvarından formasını geyindiyi “Zirə”də cəmi 3 oyuna çıxıb. 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Niger yığmasında 18 oyun keçirib və 4 qol vurub.
Toni Qomes isə 2022-ci ilin avqustundan Premyer Liqa təmsilçisində forma geyinir. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan təmsilçisinin heyətində 19 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Portuqaliya vətəndaşlığı da olan vinger Qvineya-Bisau yığmasında 4 matç keçirib.


