“Tottenhem” 15 il öncəki transferə görə 10 xaldan məhrum edilir?

İngiltərə Futbol Assosiasiyası (FA) “Tottenhem” klubunu 15 il öncəki transferinə görə 10 xalından məhrum edə bilər.

Arena.az “The Times” nəşrinə istinadən məlumat verir ki, İngiltərə Futbol Assosiasiyası 15 il əvvəl baş tutmuş, Cermeyn Defonun “Portsmut”a transferi səbəbindən London klubunu 2023/2024 mövsümü üçün İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 xalından məhrum etmək niyyətindədir.

Xatırladaq ki, 2008-ci ildə “Tottenhem” Defonu 8,5 milyon avroya “Portsmut”a satıb. “Mahmızlar” transferi həyata keçirmək məqsədilə danışıqlar aparmaq üçün lisenziyasız agent Mitçell Tomasın xidmətindən istifadə ediblər. Həmçinin klubun prezidenti Daniel Levi lisenziyası olan agent Stüart Pitersi də işə götürüb. Amma eyni zamanda, Pitersin İngiltərə Futbol Assosiasiyasının qaydalarına müvafiq hazır müqaviləsi olmayıb.

Tezliklə İngiltərə Futbol Assosiasiyası qayda-qanun pozuntularından xəbərdar olub, amma 2010-cu ilin yanvarında assosiasiya London klubuna qarşı heç bir sanksiya tətbiq etməmək qərarına gəlib. Bununla belə, həmin il İngiltərə Futbol Assosiasiyası oxşar pozuntulara görə “Luton Taun”u 10 xalından məhrum edib.

İndi bu işə yenidən baxıla bilər və cəza yalnız kluba deyil, eyni zamanda klub rəhbəri Daniel Leviyə də kəsilə bilər.

Hazırda “Tottenhem” 12 turdan sonra 26 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: