İngiltərənin “Tottenhem” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra italiyalı mütəxəssis Antonio Konte çalışdıracaq.
Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 52 yaşlı məşqçi ilə “Tottenhem” arasında 2 illik müqavilə imzalanıb.
Konte baş məşqçi postunda ötən gün əvvəl istefaya göndərilən Nuno Espirito Santonu əvəzləyib. Cəmi dörd ay öncə “Vulverhempton”dan ayrılaraq London klubuna baş məşqçi təyin olunan portuqaliyalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.
Antonio Konte isə son olaraq İtaliyada “İnter” komandasında baş məşqçilik edib. O, ötən mövsüm çempion etdiyi Milan təmsilçisindən bu yay ayrılmışdı. İtaliyalı mütəxəssis daha öncə İngiltərədə “Çelsi”yə də rəhbərlik edib. Konte 2016-2018-ci illər aralığında çalışdırdığı London təmsilçisini ilk mövsümündəcə çempion edib, növbəti mövsümdə isə ölkə kubokunu qazandırıb.
2014-2016-cı illər aralığında İtaliya millisinə rəhbərlik etmiş Konte, “Yuventus”, “Syena”, “Atalanta”, “Bari” və “Arezzo” kimi klublarda da çalışıb.


