İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi təcrübəli qapıçı Freyzer Forster və yarımmüdafiəçi İv Bissumanı heyətinə cəlb edib. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Freyzer Forsterlə 2 illik müqavilə imzalanıb. “Sauthempton”dan azad agent kimi ayrılan 34 yaşlı qolkiper yeni komandasında 2024-cü ilin yayına qədər forma geyinəcək. O, 2014-cü ildən “Sauthempton”un uğurları üçün çalışırdı. Futbolçu 2019/20 mövsümünü icasə ərasında “Seltik”də də keçirib. Hansı ki, o, əvvəllər də Şotlandiya klubunda bir neçə mövsüm oynayıb. İngiltərə millisinin sabiq qapıçısı “Nyukasl”ın yetirməsi olsa da, bu klubun əsas komandasında forma şansı qazanmayıb. Əvəzində o, “Stokport Kaunti”, “Bristol Rovers”, “Norviç Siti” kimi klublara icarəyə verilib. 2010-2014-cü illər aralığında isə qapıçı məhz “Seltik”də çıxış edib. Forster ölkəsinin yığmasında 8 matç keçirib.

İv Bissuma isə “Brayton”dan transfer olunub. İddiaya görə, London təmsilçisi bu keçid üçün qarşı tərəfə 30 milyon avro təzminat ödəyəcək. Mali millisinin də üzvü olan 25 yaşlı yarımmüdafiəçi “Tottenhem”lə 4 illik müqavilə bağlayıb.
Bissuma 2018-ci ildən “Brayton”da çıxış edirdi. O, ötən mövsüm bu komandanın heyətində 28 oyuna çıxıb. Malili futbolçu bu matçlarda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Bütövlükdə isə o, “Brayton”da 124 matçda 6 qolla yadda qalıb. Bissuma “Brayton”dan öncə Fransanın “Lill” klubunun ikinci və əsas komandalarında forma geyinib. Mali yığmasında 27 oyun keçirmiş futbolçu, bu görüşlərdə 3 qol da vurub.
Londonlular daha öncə İtaliyanın “İnter” klubundan İvan Perişiçi də transfer etmişdilər.


