“Tottenhem” komandanın hücumçusu Harri Keyn üçün “Bayern”in ünvanladığı 80 milyon avro məbləğində təklifi qəbul etməyəcək.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, almanların təklif etdiyi məbləğ transfer əməliyyatını uğurla başa çatdırmaq üçün kifayət etməyəcək. “Bayern”in “mahmızlar”ın ingilis hücumçusu ilə ciddi maraqlandığı və ingilislərlə bu xüsusda danışıqların tərəqqisinə böyük ümid bağladığı vurğulanır.
Xatırladaq ki, daha əvvəl “Tottenhem” “Bayern”in Keynə görə ünvanladığı 70 milyon avro məbləğində təklifini rədd edib.
Geridə qalmış 2022/2023 mövsümündə Harri Keyn “mahmızlar”ın heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2011-ci ildən “mahmızlar”ın əsas komandasında çıxış edir.
“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


