“Tottenhem” – “Liverpul” oyunu təkrarlana bilər

Futbol üzrə İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “Tottenhem” – “Liverpul” matçı (2:1) təkrar oynanıla bilər.

Arena.az “The Independent” nəşrinə istinadən məlumat verir ki, UEFA reqlamenti oyunun təkrar oynanılmasına icazə verir.

Çünki hakim səhvi oyun qaydalarının düzgün tətbiq edilməməsi ilə bağlıdır. VAR “Liverpul”un hücumçusu Luis Diasın oyundankənar vəziyyətdə olduğunu səhv müəyyən edib. Bu məqam “Liverpul”a UEFA-ya etiraz etmək hüququ verir, amma Avropa futbolunun ali orqanı bunun oyundan sonra yalnız 12 saat ərzində edilməsinə icazə verir.
Buna rəğmən, vurğulanır ki, Premyer Liqa təkrar oyunun baş tutmayacağına əmindir. Çünki turnirin öz reqlamenti buna, yalnız vəziyyətin təqsirinin klublardan birinin üzərində olduğu halda icazə verir. Bununla belə, bəzi hüquqşünasların fikrincə, “Liverpul” bu xüsusda yeni ənənə yarada bilər.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turunun “Tottenhem” – “Liverpul” oyununda “qırmızılar”ın hücumçusu Luis Diasın vurduğu təmiz qol, oyundankənar vəziyyət kimi qiymətləndirilərək, oyunun baş hakimi tərəfindən hesaba alınmayıb. VAR sistemi bu qolla bağlı məqamı təhlil edərək, vəziyyətin qaydalara uyğun olduğunu müəyyən etməyə kömək etməli idi. Amma müəyyən səbəblərdən VAR briqadası vəziyyətə müdaxilə edə bilməyib.

Nəticədə mövsümdə ilk məğlubiyyətini almış “Liverpul” hazırda 16 xalla turnir cədvəlində 4-cü, “Tottenhem” isə Londonun digər təmsilçisi “Arsenal”la eyni – 17 xal toplayıb və 2-ci pilləyə şərikdir. Premyer Liqaya 18 xalla “Mançester Siti” liderlik edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: