“Tottenhem” və Postekoqlu rekordları sıraladılar

Oktyabrın 23-də “Tottenhem” İngiltərə çempionatının 9-cu turu çərçivəsində evdə “Fulhem” üzərində inamlı qələbə qazanıb – 2:0.

Arena.az məlumat verir ki, Angelos Postekoqlunun çalışdırdığı London komandası 9 oyundan 23 xal toplayaraq, 1960-cı ildən bəri mövsümə ən yaxşı başlanğıcına nail olub.

Xatırladaq ki, həmin mövsümdə “mahmızlar” ilk 9 oyunda 9 qələbə qazanmışdılar və mövsümün yekununda çempionluğu bayram etmişdilər.

London təmsilçisinin yunanəsilli avstraliyalı baş məşqçisi Angelos Postekoqlu da şəxsi rekorda imza atıb. Belə ki, ilk 9 oyunda 23 xal toplamış “Ange” Premyer Liqanın rekordunu müəyyənləşdirib. Postekoqlu bu göstəricidə Qus Hiddink (22) və Maykl Uokerin 22 xallıq nəticələrini üstələyə bilib.

Mütəxəssis öz nailiyyəti haqqında fikirlərini paylaşıb:

“Hazırda, xüsusən də ikinci hissəni (“Fulhem”lə oyunda) ümumiləşdirməyin mənası yoxdur. Görüləcək çox iş var. Mövsümün əvvəlində necə çıxış etdiyimizdən məmnunuq və bunun üçün əməyi olan hər kəsə təşəkkür etməliyik. Biz indi layiq olduğumuz yerdəyik, amma hələ də qarşıda çox iş olduğunu bildirən bir çox xatırlatmalar görə bilərik”, – “Sky Sports” Postekoqlunun sözlərindən sitat gətirir.

Angelos Postekoqlu “Tottenhem”ə italyan mütəxəssis Antonio Kontenin istefasından sonra gətirilib. “Ange” cari ilin iyul ayının 1-dən vəzifəsinin icrasına başlayıb. “Mahmızlar” yunanəsilli avstarliyalı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

57 yaşlı Postekoqlu buna qədər 2021-ci ilin yayından çalışdırdığı “Seltik”də 2 dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həmçinin Şotlandiya Kubokunu qazanıb. Postekoqlunun Avstraliyanın U-17, U-20 və həmçinin əsas yığmasında böyük iş təcrübəsi var.

Hazırda “Tottenhem” 23 xalla Premyer Liqanın turnir cədvəlində vahid liderdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: