“Tottenhem”in prezidenti və idarə heyətinin sədri Deniel Levi bildirib ki, London klubunun “Bayern”in hücumçusu Harri Keyni almaq imkanı var.
Arena.az jurnalist Ben Ceykobsa istinadən Levinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Əgər Harri bir gün Premyer Liqaya qayıtmaq istəsə, biz onu almaq imkanına sahib olacağıq. Harri klub üçün əla çalışıb, o, əntiqə oyunçudur, akademiyamızın məzunudur, amma gələcəyi bilmək olmaz. Kim bilir…”, deyə Levi bildirib.
Xatırladaq ki, Keyn “Bayern”ə cari ilin yay transfer pəncərəsində “Tottenhem”dən keçib. Harrinin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Keyn “mahmızlar”ın heyətində ümumilikdə 435 oyun keçirib, 280 qol vurub, 64 məhsuldar ötürmə verib.
Cari mövsümdə Keyn “Bayern”in heyətində 6 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.
Harri Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 86 oyun keçirib, 59 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


